Konsulluq xidməti
Səyahət xəbərdarlığı

Rusiya Federasiyasına səfərlə bağlı ölkə qanunvericiliyinin tələblərinə dair xəbərdarlıq.

  • Əcnəbi vətəndaşların Rusiya Federasiyası ərazisinə girişi və çıxışı “Rusiya Federasiyasından çıxış və Rusiya Federasiyasına giriş qaydaları haqqında” 114-FZ nömrəli 15.08.1996-ci il tarixli Federal qanuna uyğun olaraq həyata keçirilir. Sözügedən qanunun 27-ci maddəsinə əsasən xarici vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya ərazisinə girişinə qadağa qoyulan hallar aşağıdakılardır:
  1. Dövlətin müdafiəsi, dövlət təhlükəsizliyi, ictimai asayiş və əhalinin sağlamlığının qorunması məqsədləri tələb edirsə;
  2. Şəxsə qarşı inzibati qaydada çıxarılma, deportasiya və ya readmissiya proseduru ilə xarici dövlətə verilməsi barədə qərar qəbul edilibsə - bu hallarda 5 il giriş qadağası tətbiq edilə bilər;
  3. Şəxs bir və ya bir neçə dəfə inzibati qaydada çıxarılıb, deportasiya edilib və müvafiq dövlət prosedura ilə xarici dövlətə verilibsə - bu halda girişin qadağası 10 ilə qədər uzadıla bilər;
  4. Şəxsin ölkəyə girişinə məhdudiyyət qoyulubsa, sərhəd nəzarət orqanları onun şəxsiyyətini təsdiq edən sənədində müvafiq qeyd etmə aparırlar və şəxsə yazılı bildiriş verilir.
  • Əcnəbi vətəndaşların ölkə hüdudlarından inzibati qaydada məcburi çıxarılması   195-FZ nömrəli 30.12.2001-ci il tarixli “İnzibati Xətalar Məcəlləsi” Federal qanuna uyğun olaraq həyata keçirilir. Sözügedən qanuna əsasən inzibati qaydada məcburi çıxarılma aşağıdakı hallarda tətbiq oluna bilər:
  1. Xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs miqrasiya qanunvericiliyini (viza və qeydiyyat qaydalarını, qalma müddətini) ciddi şəkildə pozarsa;
  2. İctimai asayişi və dövlət təhlükəsizliyini pozan inzibati xətalar törədərsə;
  3. İnzibati həbs və ya deportasiya ilə əlaqəli məhkəmə qərarı varsa. 

Məcburi çıxarılma tədbirindən sonra həmin şəxsə 3 ildən 10 ilədək Rusiya  Federasiyasına giriş qadağası qoyula bilər. Giriş qadağasının müddəti törədilmiş pozuntunun xarakterindən asılıdır. Şəxsə qərar barədə yazılı bildiriş verilir. Şəxsin qərardan şikayət etmək hüququ var (məhkəməyə və ya digər müvafiq orqana). Şəxs məhkəmə qərarı icra olunanadək xüsusi mərkəzlərdə (müvəqqəti saxlanma mərkəzlərində) 90 günədək saxlanıla bilər.

  • 30 iyun 2025-ci il tarixindən etibarən Rusiyaya vizasız gələn xarici vətəndaşlar üçün yeni giriş qaydaları üzrə eksperiment aparılır. Belə ki, Rusiya sərhədini keçməzdən əvvəl əcnəbi vətəndaşlar “Gosuslugi RuID” (Dövlət xidmətləri) mobil tətbiqi vasitəsi ilə elektron ərizə təqdim etmək imkanına malikdirlər. Yeni qayda üzrə eksperiment Rusiya hökumətinin 2024-cü il 7 noyabr tarixli 1510 nömrəli “xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin RF-yə giriş-çıxış qaydaları və şərtlərinin sınaqdan keçirilməsi üzrə eksperimentə dair” qərarına əsaslanır və 30 iyun 2026-cı il tarixinədək davam edəcəkdir. Beləliklə, 30 iyun 2025-ci il tarixindən etibarən əcnəbi vətəndaşlar Rusiyaya daxil olarkən “Gosuslugi RuID” rəqəmsal profilində, sərhədi  keçməzdən 72 saat öncə şəxsi hesab yaratmalı, fotoşəkil və şəxsi məlumatları yükləməli və ölkədə qalma tarixlərini göstərməlidir. Vətəndaşın rəqəmsal profilində onun tam adı, vətəndaşlıq məlumatları, biometrik məlumatlar, iş icazəsi, yaşayış və iş yeri haqqında məlumatlar əks olunur. Bundan əlavə, əcnəbi vətəndaşlar rəqəmsal profildən istifadə etməklə işəgötürənlərlə əmək müqaviləsi bağlamaq, təhsillərini təsdiq etmək, icbari vergi və digər ödənişləri həyata keçirmək, elektron xidmətlərdən istifadə etmək, o cümlədən müvafiq icazələrin müddəti, ölkədə qalma və Rusiyanı tərk etmək zərurəti barədə bildirişləri almaq imkanına malikdirlər.
  • Əcnəbi vətəndaşların Rusiya ərazisində yaşamaq hüququ Rusiya Federasiyasının “Əcnəbi vətəndaşların hüquqi statusu haqqında” 115-FZ nömrəli 25.07.2002-ci il tarixli Federal qanuna uyğun olaraq həyata keçirilir. Xarici vətəndaş Rusiya ərazisinə daxil olduqdan sonra qəbul edən tərəf (işə götürən, yataqxana, ev sahibi, təhsil təşkilatı və s.) və ya şəxs özü müəyyən müddət ərzində (təqdim olunan qaydalara görə) məkan üzrə qeydiyyat üçün müvafiq orqana bildiriş təqdim etməlidir. Qeydiyyat üçün əsas sənədlər: pasport, miqrasiya kartı (giriş zamanı doldurulan), yerləşmə yeri barədə məlumat və qəbul edən tərəfin bildirişi. Xarici vətəndaşın yerləşdiyi yer üzrə qeydiyyata alınması üçün qəbul edən şəxs və ya təşkilat (və ya vətəndaşın özü) elektron və ya yazılı bildiriş təqdim edir. RF orqanlarının qeydiyyatı aparmaq üçün müəyyən prosedurları və müddətləri var. Dövlət xidmətləri portalı (Gosuslugi) və ya yerli daxili işlər orqanları bu prosedurları həyata keçirir.
  • 5 fevral 2025-ci il tarixdən Rusiya ərazisində RF Daxili İşlər Nazirliyi sistemində “Nəzarət Olunan Şəxslərin Reyestri” (Реестр контролируемых лиц) fəaliyyətə verilmişdir. Qeyd olunan reyestrə Rusiya ərazisində qeyri-qanuni olan xarici vətəndaşlar daxil edilir. Reyestrə daxil edilən vətəndaşlara yaşadığı ərazini RF DİN-nin icazəsi olmadan tərk etməsi qadağa edilir. Həmin şəxslərə həmçinin ölkə ərazisində daşınmaz əmlakın alınmasını, nəqliyyat vasitələrinin qeydiyyata alınması, nikaha daxil olması, biznes fəaliyyətinin aparılması, bank hesabları və pul köçürmələrinin aparılması və uşaqların məktəb və uşaq baxçalarına yazılması, sürücülük vəsiqəsinin alınması və nəqliyyat vasitələrinin idarə olunması qadağa olunmuşdur. Şəxsin reyestrə daxil olub-olmaması ilə bağlı ətraflı məlumat RF DİN-nin internet saytından (Реестр контролируемых лиц) əldə etmək mümkündür.
  • Rusiya Federasiyasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında" 8 avqust 2024-cü il tarixli, 260-FZ nömrəli Federal Qanunla 1 yanvar - 10 sentyabr 2025-ci il tarixləri ərzində Rusiyada qalma müddəti pozulmuş əcnəbi vətəndaşlar hüquqi statusunu tənzimləmək və tələb olunan icazə sənədlərini almaq məqsədilə Rusiya Federasiyasının daxili işlər orqanları, o cümlədən səlahiyyətli təşkilatlarına (bütün bölgələrdə yerləşən Rusiya DİN-in "PVS" (pasport-viza servisi) Federal Dövlət Unitar Müəssisəsinin filialları və ya "Saxarova" multifunksional miqrasiya mərkəzi Dövlət Büdcə Təşkilatı) müraciət etmək imkanı verilmişdir. "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" Federal Qanuna uyğun olaraq, ölkədə qalmaq üçün qanuni əsasları olmayan bütün xarici vətəndaşlar nəzarət edilən şəxslərin reyestrinə daxil edilir, Rusiyadan çıxarılır və ölkə ərazisinə giriş məhdudiyyətləri qoyulur.
  • 1 sentyabr 2025-ci il tarixdən Moskva və Moskva vilayətinə əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə vizasız rejim tətbiq olunan ölkələrdən gələn əcnəbi vətəndaşlara “Amina” adlı xüsusi mobil tətbiqin quraşdırılması tələbi qoyulmuşdur. “Amina” tətbiqi əcnəbi vətəndaşların yerli miqrasiya qaydalarına riayət etmələri, onların hüquq-mühafizə orqanları tərəfindən faktiki yerlərinin müəyyən olunması və digər əhəmiyyətli funksiyaların yerinə yetirilməsi məqsədilə istifadəyə verilmişdir.

“Amina” mobil tətbiqi ilə bağlı aşağıdakı məlumatı diqqətinizə təqdim edirik:

- Vizasız rejim tədbiq olunan ölkələrdən RF-ə gələn xarici vətəndaşlar “Amina” xüsusi mobil tətbiqini quraşdırmalı, orada qaldıqları yeri göstərməli və geolokasiyanın izlənməsinə razılıq verməlidirlər. Bu prosedur xarici vətəndaşların Çoxfunksiyalı Miqrasiya Mərkəzlərinə (МФЦ) müraciət etməsini və daşınmaz əmlak sahibi olan əcnəbilərin əlavə qeydiyyata alınması ehtiyacını aradan qaldırır;

- Mobil tətbiqdə avtorizasiya üçün əcnəbi vətəndaşın qüvvədə olan kartı tələb olunur. Onun rəsmiləşdirilməsi üçün xarici vətəndaş Çoxfunksiyalı Miqrasiya Mərkəzlərinə müraciət etməlidir. Kart itirildikdə "Amina" tətbiqində avtorizasiyanı pasport məlumatları ilə keçmək mümkündür;

- "Amina" xüsusi mobil tətbiqi Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinə geolokasiya məlumatlarını ötürəcəkdir. Əgər bir neçə gün ərzində məlumatların ötürülmədiyi qeydə alınarsa, xarici vətəndaşa olduğu yerin ünvanını təsdiqləmək və ya onun dəyişdirilməsi barədə adı çəkilən quruma məlumat vermək zərurəti haqqında bildiriş göndəriləcəkdir. Bunun üçün daxili işlər orqanlarına və ya Çoxfunksiyalı Miqrasiya Mərkəzlərinə getmək tələb olunmur;

- “Amina” xüsusi mobil tətbiqindən istifadə zamanı əcnəbi vətəndaşlar 3 gün ərzində abunəçi cihazı üçün geolokasiya məlumatının paylaşımını etmədikləri təqdirdə bu hal onların nəzarət edilən şəxslərin reyestrinə daxil edilməsi ilə nəticələnəcək və ölkədə qalmaq üçün qanuni əsaslar olmadığı hesab edilərək bank kartlarının və mobil sim kartlarının bloklanmasına, habelə deportasiyaya səbəb olacaqdır;

- Əcnəbi vətəndaşlar paytaxt rayonu daxilində hərəkət edərkən bu barədə üç gün müddətində ərizə vasitəsilə Daxili İşlər Nazirliyinə məlumat verməlidirlər. Başqa rayonlara köçdükdə isə qeydiyyat əvvəlki qaydalarla aparılacaqdır;

- “Amina” xüsusi mobil tətbiqinin istifadəsi ilə bağlı prosedur qaydalar miqrasiya qeydiyyatı sahəsində korrupsiya ilə mübarizə üçün nəzərdə tutulmuşdur.

- Eksperiment 2029-cu il sentyabrın 1-dək davam edəcək və 2026-cı il sentyabrın 1-dən Rusiyaya istənilən məqsədlə 90 gündən çox müddətə vizasız gələn xarici vətəndaşlara da şamil edilməsi nəzərdə tutulur;

- Moskva və Moskva vilayətində miqrasiya qeydiyyatının yeni eksperimental proseduru 121 saylı Federal Qanunla (Dövlət Duması tərəfindən 2025-ci ilin mayında qəbul edilmişdir) təsdiq edilmişdir. Bu, Moskvaya və ya Moskva vilayətinə patentlə və ya onsuz işləmək üçün gələn vizasız rejim tətbiq olunan ölkələrin vətəndaşlarına şamil edilir. Bu kateqoriya əcnəbilər “Amina” xüsusi mobil tətbiqini quraşdırmalı, şəxsi məlumatların, o cümlədən “mobil qurğulardan və geolokasiyadan alınan məlumatlar”ın emalına razılıq verməli, sonra isə “faktiki yer” haqqında məlumatı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinə (eksperimentin koordinatoru təyin edilmişdir) göndərməlidirlər;

- Daxili İşlər Nazirliyinin 563 nömrəli əmrində (29 avqustda dərc edilmişdir) göstərilir ki, əcnəbi vətəndaş tərəfindən ünvan (binaların, tikililərin, kommunal mənzillərdə otaqların nömrələrinin və ya torpaq sahələrinin kadastr nömrələrinin göstərilməklə), ünvan məlumatı olmayan yerdə olduqda isə koordinat nöqtələrinin təqdim edilməsi zəruridir. Moskva və Moskva vilayəti daxilində hərəkət edən əcnəbilər bu barədə ərizə vasitəsilə üç gün ərzində Daxili İşlər Nazirliyinə məlumat verməlidirlər (xəstəxanalarda və ya otellərdə olmaq istisna olmaqla - bu məlumatı polisə özləri təqdim etməlidirlər). Başqa rayonlara köçdükdə isə miqrasiya qeydiyyatı əvvəlki qaydalar üzrə aparılacaq;

- Moskvanın Çoxfunksiyalı Miqrasiya Mərkəzinin məlumatında “Amina” tətbiqi Android sistemli smartfonlar üçün “Rustore” proqramlar mağazasında mövcud olduğu (hələlik “iPhone” üçün versiya yoxdur) qeyd olunmuşdur. Elan edilmişdir ki, istifadəçi əcnəbinin kartından QR kodu daxil etməli, şəkil çəkdirməli və xəritədə yaşayış ünvanını seçməlidir. Həmçinin, qeyd olunur ki, vizasız rejim tətbiq olunan ölkələrin vətəndaşlarının qeydiyyatı üçün əvvəlki prosedur (Çoxfunksiyalı Miqrasiya Mərkəzlərinə müraciət və ya qəbul edən tərəfin "Qosuslugi" portalı vasitəsilə məlumat təqdim etməsi ilə) sentyabrın 1-dən Moskva və Moskva vilayətində ləğv edilir və daşınmaz əmlak sahibi olan əcnəbilər vətəndaşlarında bu haqda rəsmi orqanlara məlumat təqdim etmələrinə ehtiyac yoxdur. Əvvəllər işləmək üçün vizasız rejim tətbiq olunan ölkələrdən gələn əcnəbilər “Amina” xüsusi mobil tətbiqini cari miqrasiya qeydiyyatının bitməsindən sonra 30 gün ərzində quraşdırmalıdırlar;

 

___________________

 

Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin diqqətinə.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədindən buraxılış məntəqələrindən qanunvericiliklə müəyyən edilmiş qaydada keçmədən Azərbaycan Respublikasının ərazisinə daxil olmağın Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması olduğu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati və başqa məsuliyyətə səbəb olduğu barədə xəbərdarlıq edir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Ermənistan Respublikası ərazisindən Azərbaycan Respublikasının ərazisinə daxil olmaqdan çəkinməyə çağırır.

Azərbaycan Respublikasının ərazisinə onun qanunvericiliyini pozaraq daxil olmuş və ya daxil olmağa cəhd etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində onların ölkəyə gəlişinin qadağan olunması və ya məhdudlaşdırılması da  daxil olmaqla, inzibati, cinayət təqibi və başqa hüquqi tədbirlər görülür.

 

___________________

 

Azərbaycan Respublikasında miqrasiya qaydalarına dair qısa məlumat

Müvəqqəti olma müddəti

Viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz.

Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərinə riayət etməli və müəyyən olunmuş müddət bitdikdən sonra ölkə ərazisini tərk etməlidirlər. Eyni zamanda, əcnəbilər Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərkən, onların gəlişlərinin bəyan edilmiş məqsədlərinə əməl etmələri  tövsiyə edilir.

Viza əsasında  Azərbaycan Respublikasına gələn əcnəbilərin gəlişinin bəyan edilmiş məqsədi onlara verilən vizalardakı səfərin məqsədinə uyğun olmalıdır. Ölkəmizə gələn əcnəbilərə rəsmi, işgüzar, elm, təhsil, əmək, turizm, mədəniyyət, idman, humanitar, müalicə və şəxsi səfər məqsədləri ilə vizalar verilir.

Bu qaydaların pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.3-cü maddəsinə (Azərbaycan Respublikasının ərazisində müvəqqəti olduğu, müvəqqəti və ya daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olmasına) əsasən inzibati məsuliyyətə səbəb olur.

Müvəqqəti olma müddəti bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

 

Olduğu yer üzrə qeydiyyat

Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti  olan (o cümlədən ölkə daxilində olduğu yeri dəyişdikdə) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər hər hansı dövlət rüsumu ödəmədən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən olduğu yer üzrə qeydiyyata alınmaq üçün qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyətinə və ya mənzilin, digər yaşayış sahəsinin sahibinə müraciət etməlidir.

Ətraflı məlumat: https://www.migration.gov.az/az/oyq

 

Müvəqqəti olma müddətinin uzadılması

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış (tranzit keçidi zamanı məcburi dayanma halları istisna olmaqla) müvəqqəti olma müddətinin uzadılması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edərək tələb olunan sənədləri təqdim etməlidirlər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti 60 günədək uzadıla bilər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılır:

  • Azərbaycan Respublikasının ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda;
  • Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;
  • xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə;
  • tranzit keçid zamanı əcnəbi Azərbaycan Respublikasının ərazisində məcburi dayandıqda.
  • Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadıldıqda.

Ətraflı məlumat: https://www.migration.gov.az/az/page/72

 

Müvəqqəti və ya daimi yaşamaq üçün icazə

Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar.

Müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir.

Ətraflı məlumat: https://www.migration.gov.az/az/page/73

 

İş icazəsi

18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər. İşəgötürənlər əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda da ona iş icazəsinin alınması üçün müraciət edə bilərlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan  şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarının əsas şərtləri  iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasıdır.

Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində müəyyən edilmiş qaydada müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar.

Ətraflı məlumat: https://www.migration.gov.az/az/page/75

___________________

 

Yüksəkixtisaslı Miqrant Proqramı haqqında

Yüksəkixtisaslı Miqrant Proqramı - yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli Sərəncamı əsasında yaradılıb. Proqram yüksəkixtisaslı miqrantlara və onların ailə üzvlərinə Azərbaycana gəlmək, ölkədə yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün geniş imkanlar yaradır.

Proqram iştirakçılarının müraciətlərinin qəbulunu və cavablandırılmasını “bir pəncərə” prinsipi əsasında təmin edilməsi məqsədilə pass.gov.az Yüksəkixtisaslı miqrant Portalı yaradılmışdır. Proqramda iştirak etmək istəyən əcnəbilər bu portal vasitəsilə qeydiyyatdan keçə, təhsil, iş təcrübəsi və digər məlumatlarını təqdim etməklə elektron formada müraciət edə bilərlər.

Portal, həmçinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri (işəgötürənlər) üçün də bir sıra imkanlar yaradır. İşəgötürənlər portalda qeydiyyatdan keçməklə ehtiyac duyulan sahələr üzrə əcnəbi mütəxəssislərin mövcudluğu barədə sorğu edə bilərlər. Sorğuda qeyd olunan meyarlara uyğun olan və fərdi məlumatlarının işəgötürənlərlə paylaşılmasına razılıq verən əcnəbi mütəxəssislər barədə məlumatlar işəgötürənlərə təqdim edilir.

Bundan başqa, portal istifadəçiləri proqramın şərtləri və tələbləri, proqram iştirakçılarını qiymətləndirmə meyarları, Azərbaycan və digər faydalı mövzular haqqında məlumatlarla təmin olunur.

Ətraflı məlumat:  https://pass.gov.az/az/home



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti